27 may 2019-cu il tarixində "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir.

   Tədbiri açıq elan edən Cəmiyyətin sədri akademik Adil Qəribov qeyd etdi ki, bu günlərdə xalqımızın qürurverici tarixi günlərinin il dönümunü qeyd etmək ərəfəsində olduğumuzu, 28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 101 il ötməsini vurğuladı.

   2018-ci il Prezident İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" məlum sərəncamı ilə 2018-ci ilin Cümhuriyyət ili olmasını xatırladan akademik A.A.Qəribov, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi Respublikamızda dövlət səviyyəsində təntənəli şəkildə qeyd edildiyini vurğuladı.

     Akademik A.A.Qəribov həmin çətin tarixi dövrü ətraflı şərh edərək, Məhəmməd Əmin Rəsulzadə ilə yanaşı Azərbaycanın müvəqqəti hökumətinin başçısı Fətəli Xan Xoyskinin və digər hökumət üzvlərinində danılmaz rolu olmasını xatırlatdı. Çıxışında o, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik ənənələrini yaşatması və inkişafı nəticəsində, memarı Ulu Öndər Heydər Əliyev olan müasir Azərbaycan Respublikası isə Xalq Cümhuriyyətinin siyasi varisi olmasını qeyd etdi.

     Çıxışın sonunda Cəmiyyətin sədri akademik Adil Qəribov qeyd etdi ki, Azərbaycan bolşevik işğalı nəticəsində endirilmiş və bir də 1990-cı ildə istiqlal mübarizəsi meydanlarında görünən üçrəngli bayrağı yalnız ulu öndər Heydər Əliyevin Vətən sevgisi sayəsində yenidən dövlət bayrağı kimi dalğalanmağa başladı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi, daha sonra müstəqil Azərbaycan Respublikasının bayrağı oldu.

   Daha sonra Cəmiyyətin sədr müavini Cəlal Nağıyev müstəqil Azərbaycan Cümhuriyyəti tarixinin gənc nəsilə yaxşı tədris olmasından məmnunluq duymasını qeyd edərək, Cümhuriyyətın qısa ömründə böyük nailiyyətlərə və ilklərə imza atmasını xatırlatdı. Çıxışında o, ilk dəfə qadın-kişi bərabərliyini təmin edərək, qadınlara seçim hüququ tanıyan cümhuriyyətimiz o dövrdə bir çox Avropa ölkələrini hüquqi və dünyəvi dövlətçilik meyarlarına görə arxada qoyduğunu həmkarları ilə bölüşdü.

Qeydlər:

   Azərbaycan Demokratik Cümhuriyyətini rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci ildə).

   1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Cümhuriyyətinin üç rəngli bayrağı qəbul edilib. O zamana qədər Azərbaycan Demokratik Cümhuriyyətinin bayrağı qırmızı rəngdəydi.

  Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. 1990-cı ildən Cümhuriyyət Günü dövlət bayramı kimi qeyd edilir.