Bu gün - Azərbaycan tarixində böyük əhəmiyyət daşıyan günlərdən biri, Milli Qurtuluş Günüdür. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Məhz bu gündə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb, ölkəmizin müstəqilliyini qoruyaraq onun inkişafının təməlini qoyub. Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmləndirilməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynamışdır. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.

   Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı və Ali Sovetin Sədri vəzifəsinə seçilməsi, dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Xalqımızın tarixinə qızıl hərflərlə yazılan 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə "Milli Nüvə Tədqiqatları Mərkəzi " Qapalı Səhmdar Cəmiyyətinin kollektivi xalqımızı səmimi qəlbdən təbrik edir, müstəqil dövlətimizin firavan və parlaq gələcəyi naminə hər birinizə fəaliyyətinizdə uğurlar arzu edirik.