Bu gün- Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir. 26 iyun Silahlı Qüvvələr Günü ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsdiq edilmişdir. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix - 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşmüş hesab edilib və həmin tarixdən 26 iyun Azərbaycan Respublikasında Silahlı Qüvvələr günü kimi qeyd edilir. Azərbaycan tarixinin ən şərəfli günlərindən biri olan bu günü xalqımız hər il təntənəli şəkildə qeyd edir. Ümummilli lider Heydər Əliyev bu fərmanı ilə tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım atdı. Ordu quruculuğu sahəsində ulu öndərin strateji siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevin fərman və sərəncamları ilə ölkədə müasir hərbi sənaye kompleksinin yaradılması, silahlı qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi prosesi uğurla həyata keçirilir. Bu gün Azərbaycan zabitləri dünyanın bir çox ölkələrinin ali hərbi məktəblərində təhsil alır. Hazırda Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu hesab olunur. 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda keçirilən hərbi parad Azərbaycan ordusunun gücününün göstəricisi oldu. Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olundu. Bu parad bir daha sübut etdi ki, Azərbaycan Ordusu nəinki bölgədə, dünyada həm hərbi potensialına, həm döyüş qabiliyyətinə, həm də təchizatına görə güclü ordular sırasındadır. Prezidentimizin uğurlu, qətiyyətli addımları sayəsində biz tam əminliklə deyə bilərik ki, bizim torpaqlarımızı işğaldan azad etməyə, Azərbaycanın suverenliyini bərpa etməyə qadir olan ordumuz var.

"Milli Nüvə Tədqiqatları Mərkəzi " Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi və kollektivi bütün Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir, Silahlı Qüvvələrin bütün şəxsi heyətinə yeni uğurlar arzulayır.