"Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin sədri, akademik Adil Qəribov 24-27 iyun 2019-cu il tarixlərində Qazaxıstan Respublikasının Almatı şəhərində "Nüvə elmləri və Texnologiyaları" mövzusunda 2-ci Beynəlxalq Elmi Forum çərçivəsində keçirilən plenar iclasda məruzə ilə çıxış edib.
   Forumun Beynəlxalq təşkilat komitəsinin üzvü və birinci plenar seksiyanın sədri, akademik Adil Qəribovun plenar iclasda "Nano silisiumda epitermal neytronların enerji ötürülmə prosessləri" mövzusunda olan elmi məruzəsi maraqla qarşılanıb. Forum çərçivəsində aşağıdakı konfranslar keçirilib.
   1) "Nüvə və Radiasion Fizika" üzrə 12-ci Beynəlxalq Konfrans.
   2) "Tibb, sənaye və kənd təsərrüfatı sahələrində nüvə və radiasion
texnologiyaların tətbiqi" üzrə 1-ci Beynəlxalq Konfrans.
   3) "Asiyada Nüvə reaksiyalarına dair məlumat bazasının inkişafı" üzrə 10-cu
seminar.
   Forumun işində "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin Strelizasiya Məqsədli "Qamma Şüalanma Kompleksi"nin rəisi Zaur Xəlilov da strelizasiya qurğusuna dair elmi məruzə ilə çıxış edib.
   Forum çərçivəsində "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin sədri, akademik Adil Qəribovla Qazaxıstan Nüvə Fizikası İnstitutu, Qazaxıstan Nüvə Tədqiqatları Mərkəzi və Atom Enerjisi İnstitutunun rəhbərləri arasında ikitərəfli görüşlər keçirilib. Görüşlərdə məlumat mübadiləsi aparılıb və gələcəkdəki birgə fəaliyyətlər müzakirə edilib.