24-27 iyun 2019-cu il tarixlərində "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin Tədqiqat Nüvə Reaktoru Kompleksinin Baş mühəndisi Vəliyev Sahil Polad oğlu Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) və Rumıniyanın Nüvə Fəaliyyətinə Nəzarət üzrə Milli Komissiyasının (CNCAN) birgə təşkil etdikləri "Qlobal Enerji Portfelində Kiçik Modul Reaktorların (KMR) Tətbiq Ssenariləri" mövzusunda təşkil olunan regional seminarında iştirak etmişdir. Tədbirin əsas məqsədi gələcəkdə kiçik karbon emissiyalı enerji sistemlərində kiçik modul reaktorların potensial rolu barədə məlumat mübadiləsi etmək idi. Seminarda müxtəlif ölkələrdən dəvət olunmuş mütəxəssislər və nümayəndələr, həmçinin Rumıniyanın müxtəlif elmi tədqiqat və dövlət müəssisələrinin təmsilçiləri iştirak edirdi.
   Müzakirə olunan əsas mövzular KMR-in Avrasiya ölkələrindəki enerji sektorunda karbon qazı emissiyalarının azaldılmasına potensial töhfəsi, həmçinin KMR-in birgə istehsalı və digər qeyri-elektrik proqramlarının tətbiqinə dair yol xəritələri idi. Seminarda xüsusilə KMR-ə külək və günəş enerjisi kimi digər kiçik karbon qazı emissiyalı enerji mənbələrinin tətbiqinin texniki - iqtisadi təsirləri və daha qənaətcil saxlanma texnologiyalarının mümkün tətbiqi məsələləri müzakirə olunmuşdur. Daha ətraflı olaraq daşına bilən elektrik stansiyaları üçün çeviklik və digər sistem xidmətlərinə görə əlavə tələblərə baxılmışdır.
   Seminarın son günü Rumıniyada yerləşən nüvə qurğuları (TRIGA MARK II) və laboratoriyalarına səfərlərə həsr olunmuşdur.