Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 may 2019-cu il tarixli 1205 saylı Sərəncamı ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin sədri, akademik Qəribov Adil Abdulxalıq oğlu "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub. 

   Medalın təqdimatı 17 iyul 2019-cu il tarixində Azərbaycan Respublikasının Baş Naziri cənab Novruz Məmmədov tərəfindən həyata keçirilib. Təqdimat mərasimində akademik Adil Qəribov və "Azərtac"ın direktoru Aslan Aslanov çıxış etmişdirlər. Onlar Azərbaycanda bütün sahələrdə yüksək inkişaf tempini təmin edən, böyük elmi əsaslı, unikal siyasət yeridən, dünya miqyasında tanınmış, beynəlxalq səviyyədə öz sözü və xətti olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə göstərilən etimada görə öz və rəhbərlik etdikləri kollektivlərinin adından minnətdarlıqlarını bildiriblər və göstərilən etimadı doğrultmaq üçün çalışdıqları sahələrdə əllərindən gələni əsirgəməyəcəklərini vurğulayıblar. "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin sədri, akademik Adil Qəribov çıxışında Azərbaycanda strateji əhəmiyyət kəsb edən, yüksək elmi tutumlu nüvə və radiasiya texnologiyalarının, nüvə enerjisinin dinc məqsədlərlə inkişafı istiqamətlərində icraçı qurum olan "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin açılışı, bu sahədə yüksək ixtisaslı kadr hazırlığı, infrastrukturun formalaşması və maddi-texniki bazasının yaradılması istiqamətində göstərdiyi dəstəyə görə özü və bütün kollektivi adından ölkə başçısına minnətdarlığını bildirib.