Oktyabrın 25-də Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında anlaşma memorandumu imzalanıb. 

   Cəmiyyətin sədri, akademik Adil Qəribov və sədr müavini Cəlal Nağıyevi qəbul edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Universitetdə son illərdə görülmüş işlər haqqında, tədris və təhsildə tətbiq olunan yeniliklər barəsində geniş məlumat verdi. Rektor çıxışında bildirib ki, Universitetdə son dövrdə tətbiq olunan yeniliklər, tədris proqramları və layihələr tədris və təhsilin keyfiyyətinin yüksəlməsinə səbəb olmuşdur. 

   Səmimi qəbul üçün məmnunluq duyduğunu bildirən akademik Adil Qəribov ADNSU-da tarixən zəngin elmi bazanın olduğunu, bu Universitetin məzunlarının hər zaman yüksək bilik və bacarıqları ilə fərqləndiyini vurğulamaqla yanaşı, son dövrdə ADNSU-da aparılan novator və peşakarcasına işlərin artıq bəhrəsini verdiyini bildirdi. 

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə nüvə texnologiyalarının müasir dövrün tələblərinə və milli mənafelərə uyğun dinc məqsədlərlə istifadəsi zərurətini nəzərə alaraq, yaradılmış MNTM QSC-nin fəaliyyət istiqamətlərindən bəhs edərək, qarşılıqlı maraq doğuran sahələr üzrə ADNSU arasında imzalanan anlaşma memorandumu gələcəkdə hər iki tərəf üçün qarşılıqlı fayda verəcəyindən əmin olduğunu vurğuladı. 

   Daha sonra Akademik Adil Qəribov başda dövlət qayğısı və investisiyası olmaqla, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (IAEA), Avropa Birliyi, Ukrayna Elm Texnika Mərkəzi (STCU) hesabına formalaşan Mərkəzin infrastrukturu ilə tanış olmaq üçün ADNSU-nun rektoru, professor Mustafa Babanlını "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-yə dəvət etdi.

   Sonda rektor, professor Mustafa Babanlı qonaqları Universitetin bəzi yeni tədris laboratoriyaları və müasir üslubda qurulmuş kitabxanası ilə tanış edib. 

   Görüşdə ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov, Elm və texnika üzrə prorektoru, professor Rauf Əliyarov və digər qonaqlar iştirak ediblər. Görüşün sonunda tərəflər arasında anlaşma memorandumu imzalanıb.

   Anlaşma memorandumunda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Milli Nüvə Tədqiqatlari Mərkəzi arasında nüvə fizikası, nüvə kimyası, nüvə və radiasion texnologiyaları, nüvə və radiasiya təhlükəsizliyi, radioekologiya, nüvə və radiasiya materialşunaslığı, qarşılıqlı maraq doğuran digər innovativ elm və texnologiyalar istiqamətlərində birgə elmi-tədqiqat işlərinin görülməsi və kadr hazırlığı nəzərdə tutulmuşdur.