Azərbaycan Respublikası Milli Nüvə  Tədqiqatları Mərkəzi - MNTM

 
Bu gün "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin sədri, akademik Adil Abdulxalıq oğlu Qəribovun 70 yaşı tamam olur. Mərkəzin kollektivi adından görkəmli akademiki 70 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı və Mərkəzin inkişafı istiqamətində göstərdiyi fəaliyyətində uğurlar arzulayırıq.

Qəribov Adil Abdulxalıq oğlu 28 mart 1950-ci ildə Azərbaycan Respublikası Şəki rayonunun İbrahimkənd kəndində anadan olub. 1966-cı ildə Şəki rayonunun Kiçik Dəhnə kənd orta məktəbini gümüş medalla başa vurub. Həmin il Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olub və 1972-ci ildə fiziki kimya üzrə ixtisas alaraq fərqlənmə diplomu ilə qurtarıb. 1972-1976-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Radiasiya Tədqiqatları Sektorunda Fiziki Kimya ixtisası üzrə aspiranturada təhsil alıb. Əmək fəaliyyətinə hələ tələbə olduğu dövrlərdən Ümumittifaq Geofizika İnstitutunun Azərbaycan filialında baş texnik, Ümumittifaq Qaz İnstitutunun Azərbaycan filialında mühəndis vəzifələrində başlamışdı. Aspiranturanı başa vurduqdan sonra Radiasiya Tədqiqatları Sektorunda mühəndis, kiçik elmi işçi, qrup rəhbəri və laboratoriya rəhbəri vəzifələrində çalışıb.
A.A.Qəribov 1979-cu ildə nüvə enerjisinin neft-kimya sənayesində tətbiqi istiqamətində namizədlik, 1995-ci ildə isə heterogen prosseslərdə enerji ötürülmə prosseslərinin mexanizminə həsr olunmuş doktorluq dissertasiyalarını müdafiə edib, müvafiq elmi dərəcələri alıb. Azərbaycan Elmlər Akademiyası Rəyasət heyətinin qərarı ilə 2001-ci Radiasiya Tədqiqatları Sektorunun, 2002-ci ildə isə Radiasiya Problemləri İnstitutunun direktoru vəzifəsinə təyin edilib.
A.A.Qəribov 1998-ci ildə professor elmi adı alıb. Azərbaycan Respublikası Prezidenti İ.Əliyev cənablarının 14 dekabr 2005-ci il tarixli fərmanı ilə A.A.Qəribov Əməkdar elm xadimi fəxri adı ilə təltif olunub. A.A.Qəribov 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə AMEA-nın həqiqi üzvü seçilib.
Azərbaycan Respublikasının Prezidentinin 8 may 2014-cü il tarixli 442 saylı sərəncamı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Milli Nüvə Tədqiqatlar Mərkəzi QSC yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2014-cü il 657 saylı sərəncamı ilə A.A.Qəribov Milli Nüvə Tədqiqatları Mərkəzi QSC-nin sədri təyin edilib.
A.A.Qəribov AMEA-nın Radiasiya Problemləri İnstitutundan sonra ikinci elmi qurumun formalaşması üzrə gərgin fəaliyyət göstərmiş və kiçik vaxt ərzində MNTM-nin Sterilizasiya məqsədli Qamma-Şüalanma Kompleksi, nüvə spektroskopiya və radiokimya, çöl ekspedisiya sektoru, innovasiya və cihazqayırma, radiasiya-materialşünaslığı və sair struktur şöbələri normal fəaliyyətə başlayıb.

Onun tərəfindən müvafiq qaydada razılaşma əsasında Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) ilə ALİCE və NA/61 eksperiemtlərində iştirak üzrə memorandum imzalanıb. CERN-də “MNTM” birbaşa beş nəfərlə təmsil olunur və bir ildə yüksək reytinqli elmi jurnallarda 80-dən çox məqalə çap olunub.
Onun rəhbərliyi altında bir NATO, altı Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, beş Ukrayna Elm Texnika Fondu, Avropa İttifaqı və ABŞ Energetika Nazirliyi ilə bir neçə layihələr icra olunub.
A.A.Qəribovun elmi və elmi-təşkilati fəaliyyətlərini nəzərə alaraq ona müxtəllif beynəlxalq, milli qurum və komissiyalarda Respublikamızın təmsilçilik missiyası həvalə olunub.
Akademik A.A.Qəribovun elmi və elmi-təşkilatı fəaliyyətini nəzərə alaraq ona beynəlxalq milli qurum və komissiyalarda təmsilçilik missiyası tapşırılıb.
A.A.Qəribov 439-dan çox elmi əsərlərin və 2 kitabın müəllifidir. A.A.Qəribov SSRİ-nin ixtiraya dair 10 müəlliflik şəhadətnaməsi və 38 patentin həmmüəllifidir. Onun rəjhbərliyi altında 4 elmlər doktoru, 18 fəlsəfə doktoru hazırlanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 mart 2020-ci ildə imzaladığı Sərəncamı ilə Adil Qəribov Azərbaycanda elmin inkişafında göstərdiyi xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.