05.10.2020-ci il tarixində “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədri akademik Adil Qəribovun sədrliyi ilə iclas keçirilmişdir. İclasın əsas mövzusu mövcud hərbi vəziyyət və bununla bağlı olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının xalqa müraciəti idi. Sədr ilk olaraq işğalçı Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən başlayaraq bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək yaşayış məntəqələrimizi, mülki strateji obyektlərimizi, habelə hərbi mövqelərimizi ağır artileriya atəşinə tutması faktını xatırlatdı və bununla əlaqədar olaraq ölən şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza isə şəfa dilədi. Çıxışının davamında o, qeyd etdi ki, bu gün xalqımız əzəli torpağımız olan Qarabağın işğaldan azad olunması uğrunda mübarizə aparmaqla yeni tarix yazır.  O, bildirdi ki,   bu gün hər bir vətəndaş cənab Prezident, Ali Baş Komandanımızın ətrafında birləşməli və bir nöqtəyə vurmalıdır.  Prezidentimizin dediyi kimi, Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Bir zəfər çalacayıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Daha sonra sədr, akademik Adil Qəribov iclas iştirakçılarına söz verdi.  

 

Mərkəzin əməkdaşı Muxtar İmranov sədr A.A.Qəribovdan söz alaraq bu mövzuyla əlaqədar öz fikrini bildirmək istədi. O, Müdafiə Sənayesi Nazirliyinin keçmiş əməkdaşı olduğunu vurğulayaraq, Mingəçevir su anbarının strateji cəhətdən önəmli obtekt olduğunu və bu baxımdan hansı növ raketlərin zərbələrinə davam gətirəcəyi barədə iclas iştirakçılarına məlumat verdi. O, qurğunun bütün tələb olunan  şərtlərə uyğun inşa olunmasını faktını həmkarların diqqətinə çatdıraraq, heç də erməni mətbuatının təqdim etdiyi kimi su anbarının ölkəmiz üçün təhlükə törətmədiyini qeyd etdi. Çıxışının sonunda o, şanlı ordumuzun əzimkarlığı sayəsində yeni-yeni qələbə xəbərləri alacağımıza inandığını bildirdi.

 

 

İclasın gedişində mərkəzin sədr müavini Cəlal Nağıyev  cənab prezidentimizin son xalqa müraciətindəki çıxışından çox qürurlandığını, şanlı ordumuzun şücaətli əməliyyatları nəticəsində hər gün aldığımız sevinc dolu xəbərlərin xalqda yaratdığı ruh yüksəkliyindən söhbət açdı. O, aparılmış düzgün siyasət nəticəsində bu gün ordumuzun  maddi və texniki cəhətdən hər hansı sıxıntı çəkmədiyini və yalnız bizim mənəvi dəstəyimizə  ehtiyacı olduğunu vurğuladı. Buna baxmayaraq, bir Azərbaycan vətəndaşı kimi işğal olunmuş torpaqların azad olunması uğrunda haqq savaşı aparan ordumuzun yanında olduğumuzu ifadə etmək üçün “MNTM” QSC olaraq hər hansı bir şəkildə öz dəstəyimizi göstərə biləcəyimiz haqda sədrdən münasibət bildirməyini xahiş etdi. 

 

          İclasın sonunda Adil Qəribov sədr müavinin çıxışına dəstək olaraq, 

  hər birimizin

   Ali Baş Komandanın və ordumuzun yanında olduğumuzu söylədi. O, həmçinin “MNTM” QSC-nin əməkdaşlarının könüllü olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna dəstək olmalarında sərbəst olduqlarını,  şəxsən özünün də bu könüllü aksiyada iştirak edəcəyini vurğuladı.