Xalq-ordu birliyi ordumuzun qələbəsində əsas amildir
Son illər ordu quruculuğu sahəsində həyata keçirilən davamlı tədbirlər, aparılan geniş islahatlar ölkənin müdafiə qüdrətini dəfələrlə artırmış, əldə olunan uğurların miqyasını daha da genişləndirmişdir. Müvafiq yöndə son illərin təcrübəsini yüksək dəyərləndirən Ali Baş Komandan İlham Əliyev hərbi potensialımızın gücləndirilməsi məsələsini gündəlik həyatımızın ən mühüm sahəsi kimi xarakterizə etməklə, əslində, bütün ölkə vətəndaşlarını respublikamız üçün xüsusi əhəmiyyət daşıyan bu tarixi dönəmdə daha diqqətli və həssas olmağa, vahid komandanlıq altında bir güc kimi sıx birləşməyə, eyni məqsəd uğrunda mübarizəyə səsləmişdir.
Ölkəmizdə ordu quruculuğu işinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı tərəfindən prioritet elan olunması ilk növbədə milli
maraqlarımızdan irəli gələn bir sıra vacib problemlərin həllini özündə ehtiva
edir. Müxtəlif güc mərkəzlərinin dünyada və regionda daha çox əzələ nümayişilə
mövqe sərgilədiyi bir vaxtda müvafiq istiqamətdə həyata keçirilən ardıcıl və
səmərəli tədbirlər ölkəmizin rəqabətə davamlılıq əmsalını da ildən-ilə
nəzərəçarpacaq dərəcədə artırır.
Bugünlərdə Azərbaycan Ordusunun döyüş qabiliyyəti, qüdrəti özünü bir daha
nümayiş etdirdi. Son günlər qoşunların təmas xəttində baş verən hadisələr
Azərbaycan Ordusunun regionun ən güclü ordusu olması barədə deyilənləri bir
daha təsdiqlədi. Erməni təxribatı Azərbaycan Ordusu tərəfindən layiqincə
cavablandırıldı. Düşmən təxribatının qarşısını alaraq işğalçıya ağır zərbə
vuran Azərbaycan Ordusunun əsgər və zabitlərinin şücaəti nəticəsində işğaldan
azad olunmuş mövqelərimiz daha da möhkəmləndirilmişdir. Son hadisələr göstərdi
ki, Azərbaycan torpaqlarının işğal altında olması uzun sürməyəcək. Tezliklə
münaqişə öz ədalətli həllini tapacaq. Bu gün Azərbaycan xalqı yaşamağa
başladığı sevinci bütövlükdə torpaqlarımızın azad olunması şəklində qələbə
hissləri kimi duyacaq və qeyd edəcək.
Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yaradırdı. Aprel
döyüşləri bu mifləri darmadağın etdi. 2016-cı il aprelin əvvəlində təmas
xəttində işğalçı Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatına
qarşı həyata keçirilən hərbi əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan
dövləti və xalqı işğalla heç bir zaman barışmayacaq və torpaqlarını nəyin bahasına
olursa-olsun azad edəcək. Bu gün dövlətimizin başçısının Ali Baş Komandanlığı
altında milli ordumuz parlaq qələbələr qazanır. Mənfur düşmən isə işğal olunmuş
torpaqlarımızdan qovulur.
Ölkəmizdə aparılan praqmatik, məqsədyönlü və uzaqgörən siyasətin məntiqi
nəticəsində hazırda ordumuz qətiyyət və inamla düşmənə sarsıdıcı zərbələr
endirir. Prezident, Ali Baş Komandan İlham Əliyev çıxışlarının birində
demişdir: “...Bu gün Azərbaycan Ordusu hərbi potensialına, döyüş qabiliyyətinə,
təchizatına görə nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır.
Əminəm ki, Azərbaycan gücləndikcə, ordumuz da güclənəcək. Artıq ordumuz
istənilən vəzifəni həll etməyə hazırdır”.
Məlum olduğu kimi, sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı
qüvvələri bir neçə istiqamətdən yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi
atəşə tutmuşdur. Azərbaycanın rəşadətli, mətin, qüdrətli ordusu düşmənin bütün
cəhdlərinin qarşısını almışdır. Bu Ermənistanın növbəti təxribatıdır.
Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın
sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə
Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə
görüşmüşlər. Görüşdə cənab İlham Əliyev demişdir: “Mən bir daha demək istəyirəm
ki, Azərbaycan öz doğma torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız.
Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir.
Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin
torpağında - Azərbaycan torpağında ölür. Mən erməni xalqına üz tutub demək
istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna
çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını
Azərbaycan torpaqlarına göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan
torpağında? Biz öz torpağımızda vuruşuruq. Bizim əsgər və zabitlərimiz öz
torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik.
Artıq dördüncü gün davam edən döyüşlərdə Azərbaycan Ordusu uğurlu əməliyyat
keçirərək strateji yüksəklikləri işğalçılardan azad edib, bir neçə yaşayış
məntəqəsini işğaldan azad edib, uzun fasilədən sonra biz bu torpaqlara
qayıtmışıq. Bu torpaqlarda öz bayrağımızı sancmışıq və artıq bu torpaqlardan
bizi heç kim çıxara bilməz, biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik. Ona
görə erməni xalqı bunu anlamalıdır. Anlamalıdır ki, 30 ilə yaxın başqa dövlətin
torpağını zəbt etmək, orada bütün binaları, bütün tarixi abidələri dağıtmaq, 1
milyondan çox insanı öz doğma torpağından didərgin salmaq, Azərbaycan xalqına
qarşı soyqırımı törətmək cinayətdir. Biz tarixi ədaləti bərpa edirik, tarixi
ədaləti! Qarabağ bizim doğma, əzəli, tarixi torpağımızdır. Qarabağ xanlığının
tarixinə baxmaq kifayətdir ki, hər kəs görsün, Azərbaycan xalqı əsrlər boyu bu
torpaqlarda yaşayıb, qurub, yaradıb. Bizim müqəddəs ocağımız Şuşa şəhəri
azərbaycanlılar tərəfindən salınıb. Bu gün işğal altında olan torpaqlar bizim
tarixi torpaqlarımızdır. Bizim işimiz haqq işidir. Biz öz ərazi bütövlüyümüzü
bərpa etmək istəyirik, buna bizim haqqımız çatır, bunu edirik və edəcəyik”.
Artıq erməni ordusu Azərbaycan Silahlı Qüvvələrinin, qəhrəman əsgər və
zabitlərimizin qarşısında duruş gətirə bilmir. Əminəm ki, Ordumuz cənab Ali Baş
Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğalçılardan tamamilə təmizlənməsinə
nail olacaq və 30 il yurd həsrəti ilə yaşayan soydaşlarımızın doğma ocaqlarına
dönməsini təmin edəcəkdir. Ermənistanın növbəti hərbi təxribatının qarşısını
alan Azərbaycan Ordusunun bütün cəbhə boyu əks-əməliyyata başlaması ölkə
ictimaiyyətinin dərin sevincinə səbəb olub. Çünki bu günü xalqımız
səbirsizliklə gözləyirdi. Torpaqlarımızın azadlığı uğrunda vətən müharibəsinin
başlanması həm də Azərbaycan xalqının həmrəyliyini, o cümlədən siyasi
baxışlarından asılı olmayaraq, dövlətçilik və milli maraqları rəhbər tutan
bütün partiyaların Azərbaycan Prezidentinin ətrafında sıx birləşdiyini
göstərdi.
Biz Azərbaycanın Milli Ordusunun peşəkarlığından, gücündən və qüdrətindən qürur
hissi duyuruq. Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni
birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından
möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılmış
və darmadağın edilmiş, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış
məntəqələri düşməndən tam azad olunmuşdur. Biz Milli Ordumuza inanır və əminik
ki, torpaqlarımızı işğalda saxlamaq istəyən düşmənə bundan sonra da sarsıdıcı
zərbələr vurulacaq.
Onu da qeyd edim ki, hakimiyyət-xalq, xalq-ordu birliyi ordumuzun qələbəsinə
təsir göstərən əsas amillər sırasındadır. Bu gün Azərbaycan xalqı Azərbaycan
ordusunun, Ali Baş Komandanın yanındadır və ordumuz qısa zamanda işğaldakı
bütün torpaqları azad edəcək. Azərbaycan əsgəri bu gün öz müqəddəs və halal
torpağı uğrunda vuruşur.
Dövlət rəhbəri tərəfindən göstərilən etimada, diqqət və qayğıya cavab olaraq bu
gün Azərbaycan ordusunun şəxsi heyəti öz üzərinə düşən bütün vəzifələri yüksək
səviyyədə yerinə yetirir və döyüş hazırlığını durmadan artırır. Ordu mənsubları
Vətənimizin ərazi bütövlüyü və suverenliyi naminə bundan sonra da əlindən
gələni əsirgəməyəcək, Ali Baş Komandanın bütün əmr və tapşırıqlarını layiqincə
yerinə yetirəcəklər.
Bu gün artıq bizlər qələbə duyğularını yaşamağa başlamışıq. Erməni təxribatına
verilən bu tutarlı cavab Azərbaycan Prezidentinin “Azərbaycan güclü dövlətdir
və Azərbaycanın güclü ordusu vardır” sözlərinin reallığa əsaslandığını bir daha
əyani olaraq sübut etdi. Biz ordumuzla fəxr edirik. Sevindirici hal odur ki, bu
gün ölkə vətəndaşları böyük ruh yüksəkliyi, vətənpərvərlik nümayiş etdirir,
Vətən uğrunda döyüşməyə hazır olduqlarını hər an dilə gətirirlər.
Nəhayət, növbəti bir şad xəbər isə oktyabrın 3-də Azərbaycan Ordusunun
Magadizdə Azərbaycan Bayrağını qaldırması oldu. Belə ki, Prezident cənab İlham
Əliyev 1-ci Ordu Korpusunun komandirini və şəxsi heyətini təbrik etdi. Cənab
Prezident Magadizin tarixi adını bərpa edərək, Suqovuşan adlandırdı. Həmçinin
oktyabrın 3-ü daha 7 kəndimiz işğaldan azad olundu.
Biz xalqımızın əyilməz iradəsi ilə uzun illərin əziyyət və zəhməti,
şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf
etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş
etdirməliyik. Əminəm ki, erməni işğalçıları üzərində tezliklə qələbə çalacağıq.
Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqa müraciətində dediyi kimi, “biz
haqq yolundayıq. Bizim işimiz haqq işidir”. Heç şübhəsiz ki, Silahlı Qüvvələrin
Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan bütün
torpaqlarımız azad ediləcək, xalqımız tezliklə qələbəni qeyd edəcək, üçrəngli
bayrağımız Şuşada, Xankəndidə dalğalanacaqdır!
Adil QƏRİBOV,
“Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədri, akademik.