10.11.20-ci il tarixində "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-də akademik Adil Qəribovun sədrliyi ilə iclas keçirildi. İclasın əsas mövzusu Bayraq günü, Şuşanın alınması və Vətən müharibəmizi qələbə ilə başa vurmağımız ilə bağlı idi. Sədr ilk olaraq bütün kollektivi 30 ilə yaxın hər kəsin arzuladığı, ən ümdə arzumuz olan, milli qeyrətimiz, qürurumuz sayılan Şuşanın azad olunması münasibəti ilə təbrik etdi. O, Şuşanın alınmasının heç də asan olmadığını, bunun dövlət başçısının yürütdüyü ağıllı siyasətin, güclü iradənin və igid əsgərlərimizin qanı bahasına başa gəldiyini vurğulayaraq, xalqın bir nümayəndəsi kimi Qafqazın incisi olan Şuşanın azad olunmasından olduqca böyük sevinc hissi duyduğunu və bu zəfərin xalqımız üçün ən böyük xoşbəxtlik olduğunu qeyd etdi.
Sədr həmçinin, cümhuriyyət dövründən bizə yadigar qalan, Bayraq günü münasibətilə də kollektivi təbrik etdi. O, bu bayramın qeyd olunmasında H.Əliyevin rolunu xatırlayaraq müstəqillik əldə etdikdən sonra məhz onun sayəsində 1990-cı ildə üçrəngli bayrağın Naxçıvan Muxtar Respublikasının Ali Sovetində qəbul olunduğunu və böyük çətinliklə Bakıya gətirilərək Azərbaycan xalqının atributuna çevrilməsini, 2009-cu ildə isə İlham Əliyev cənabları sayəsində bayraq gününün təsis edilməsi və onun sayəsində məhz bu gün qürur mənbəyimiz olan bayrağımızın artıq Şuşada dalğalanmasından duyduğu qürur hissindən söhbət açdı. Çıxışının davamında sədr, 1992-1993-cü illəri xatırlayaraq həmin dövrdə öz doğma ata-baba yurdlarından zorakılıqla qovulan insanlarımızı, onların ilk gəldiyi zamanda nə qədər çətinliklər çəkdiyini xatırlayaraq həmin dövrdə Ulu Öndərin apardığı siyasət nəticəsində Baza prinsiplərinin əsasının qoyulduğunu, lakin mənfur düşmənlərimizin o prinsiplərlə belə razılaşmayaraq illərdir torpaqlarımızı işğal altında saxlanması faktına diqqət yetirdi. O, bu illər ərzində İlham Əliyevin apardığı siyasət nəticəsində böyük ordu quruculuğu həyata keçirilərək, ən müasir silahlara yiyələnməklə bu gün qələbəyə nail olduğunu, ordumuzun 40 gündə döyüş meydanında həyata keçirdilən döyüş sayəsində Azərbaycan xalqının qürurunu, mənliyini özünə qaytardığını da fəxr hissi ilə vurğuladı. O, həmçinin qeyd etdi ki, sözügədən baza prinsiplərinin qəbulu bizim üçün heç də sərfəli olmasa da, Azərbaycan o dönəmdə bu prinsipləri qəbul etməyə razı idi. Biz heç olmasa sırf azərbaycanlıların yaşadığı regionların bizə qaytarılmasını, öz yurd-yuvalarından didərgin salınmış əhalimizin torpaqlara qayıtmasını istəyirdik. Həmin baza prinsiplərində Şuşa olmasa da, hazırkı dövrdə bizim sərkərdəmiz, baş komandanımız, sultanımız olan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində qeyrət mənbəyimiz sayılan Şuşa azad olundu. Biz ermənilərin illər boyu Qarabağ və ətrafındakı 7 rayonun onların olması haqda qapıldığı eyforiyanı məhv edərək bu torpaqların bizim olduğunu sübut etdik. Millilik hissi olmayan, sadəcə təşkilat şəklində birləşən, haranı istəsək oranı ala bilərik kimi düşüncələri olan millətin qarşısını ala bildik.
O, Prezidentimizin çıxışında həmişə yumruq göstərməyi faktına diqqət çəkərək, bunun Azərbaycan xalqının yumruq kimi birləşməyinin rəmzi olduğunu, bu günlərdə azərbaycanda yaşayan bütün millətlərin cəbhəyə yollanaraq ümumi vətənin azadlığı uğrunda canından keçməyə hazır olduğu faktını da fərəh hissi ilə qeyd etdi. .
Sədr həmçinin BBC-nin müxbirinin Prezidentimizə ünvanladığı sualları xatırlayaraq bizə qarşı hər zaman ikili yanaşmanın mövcud olduğunu, məhz bu cür münasibətə görə illərdir baza prinsiplərinə razı olmağa məcbur olduğumuzu qeyd etdi.Bu gün Azərbaycan bu prinsipləri müharibə yolu ilə özümüz istəyən şəkildə həyata keçirdiyimizi də vurğuladı. Onun sözlərinə görə 40 günlük müharibədən sonra Ermənistan və onların beynəlxalq sistemdəki havadaları bizim baza prinsiplərindən daha irəli gedərək artıq Xankəndində olduğumuzu anlayaraq təşvişə düşüb. Müharibə yolu ilə baza prinsiplərini həyata keçirdikdən sonra artıq dünya dövlətlərinin istəyi ilə biz sülh məsələsini danışmalı olduq. Bu mərhələdə də prezidentimizin uzaqgörənliyi özünü yenidən göstərmiş oldu. Bizə qarşı olan təzyiqlərə və təxribatlara baxmayaraq Cənab Prezidentimiz Qarabağın statusu məsələsinin gündəmdən qaldıraraq, multikultural dövlət olduğumuz üçün burada yaşayan yerli erməni xalqına sadəcə 3 rayonda yaşamaq hüququ verib. Bu razılıqda bizim həm də böyük uğurumuz onda oldu ki, biz daha artıq əsgərlərimizin şəhid olmasının qarşısını alaraq Kəlbəcər, Laçin, Ağdam kimi rayonlardan da ermənilərin çıxarılmasına nail olduq, Naxçıvana gedən quru yoldan istifadə hüququ əldə etdik. Biz Ulu Öndərin "Nə vaxtsa Qarabağa girəcəyik, nə vaxtsa Qarabağ bizim olacaq" arzusunu yerinə yetirdik və bu gün də Qarabağ artıq bizimdir, Qarabağ Azərbaycandır.
Çıxışının davamında o, türklərə qarşı dünya hər zamanikili mövqe mövcudluğunu göstərir, lakin bundan fərqli olaraq türklərin tarixin bütün dövrlərində mətin, əzilməz xalq olduğunu və hümanist millət olaraq ələ keçirdiyi torpaqlarda əhalinin dininə, dilinə toxunmadığı faktına da diqqət yetirdi. O, 1918-ci ildə çətin vəziyyətə düşən Türkiyənin dirçələrək hazırda dünyanın ən sözükeçən dövlətlərdən biri olduğunu, tarix boyu bizə hər zaman böyük qardaşlıq edərək arxamızda durduğunu və bundan sonra da sülhməramlıları ilə bizə dəstək olacağından böyük məmnuniyyət duyduğunu bildirdi. Sədr bu qələbəyə görə həm öz xalqımıza, həm də türklərə minnətdar olduğunu, Türkiyənin hər zaman belə qüdrətli qalmasını arzuladı. O, bu qələbənin təkcə Qarabağda deyil, bütün regionda qələbəmiz olduğunu qeyd etdi. Bununla da dünya reallığının Azərbaycanın, onun qüdrətli ordusunun, mənliyinin, qürurunun olmasını qəbul etməli oldu. Bu qələbə separatçı qüvvələrin bizim torpağımızda dövlət yaratmaq xülyasına son qoydu. Sədr bu müharibə müddətində bizim tərəfimizdə olan və bizə böyük dəstək göstərən Türkiyə ilə yanaşı Pakistan, İsrailə də böyük minnətdarlığını bildirdi, eyni zamanda Rusiyanı da tutduğu obyektiv mövqeyə görə alqışladı.
Sədr çıxışının davamında Şuşanı XTQ-lərin necə ələ keçirməsi məsələsinə də diqqət çəkərək, belə igid, məğrur, qorxmaz oğulları olan xalqın heç vaxt məğlub olmayacağını və istənilən zaman müharibəni davam etdirə biləcəyimizi və mənfur ermənilərə öz sözümüzü hərb meydanına göstərə biləcəyimizi dedi. O, həmçinin hazırda imzaladığımız bu bəyənatın bizim üçün böyük bir uğur sayıldığını, gələcəkdə ermənilərin atəşkəsi pozması məqamında əlimizdə dünyaya göstərə biləcəyimiz əsas olduğunu qeyd etdi.
Çıxışının sonunda sədr bir daha hər kəsi Şuşamızın alınması və böyük qələbə münasibəti ilə təbrik etdi. Müharibədə canından keçən şəhidlərə Allahdan rəhmət, prezidentimizə isə can sağlığı arzuladı. O, bizə qələbəni nəsib edən igidlərimizin qeyrətinin hamımıza sıçramasını, bizim də onlara baxaraq üzərimizə qoyulan vəzifələri məsuliyyətlə yerinə yetirməmiz lazım olduğunu qeyd etdi.