Xalqın inamını doğruldan müdrik rəhbər

 

 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2003-cü ildə prezident seçkisindən sonra müasir dövrün ən uzaqgörən, elmi, iqtisadi, insani resurslarla təminatlı ölkənin inkişaf konsepsiyasını işləmiş və onun təmkinlə özünəməxsus yüksək tələbkarlıqla həyata keçirilməsini təmin etmişdir. Bu siyası xətdə onun tərəfindən ölkənin iqtisadi, sosial, siyasi, hərbi, elmi, texnoloji, kadr potensialı və sairə üzrə zəruri bütün məsələlərin qarşılıqlı təminatlılığını gözləməklə reallaşması vaxtları çox yüksək dəqiqliklə hesablanıb. Bu etapların hər biri ölkə həyatının bütün sahələrinin aktual və zəruri faktorları olub və dünya siyasətçilərinin hər dəfə böyük heyrətlərinə səbəb olub. Ölkənin iqtisadi, siyasi, elmi, sosial durumlarında baş verən bu cür inqilabi nailiyyətləri ölkə vətəndaşları və beynəlxalq ictimaiyyət mütəmadil olaraq bilavasitə müşahidə edə biliblər. Prezidentimizin xalqa müraciətində və çıxışlarında ölkənin ən ümdə məsələlərini əhatə edən siyasətinin ümumi konsepsiyalarının geniş şəkildə şərhi verilib. Bu cür faktorlara ölkənin iqtisadi, siyasi, elmi-texnoloji, sosial və digər məsələləri və bu sahədə əldə edilmiş yüksək templi inkişafını misal göstərmək olar. Onun hakimiyyətinin ilkin dövrlərindən Azərbaycan xalqının ümumi dərdi olan Qarabağ və ətrafındakı 7 rayonun geri alınacağı və Azərbaycanın ərazi bütövlüyünün istənilən yolla təmin edilməsi haqqında öz strateji xəttinin ümumi və açıq tərəfi elan edilmişdi. Lakin beynəlxalq təşkilatlar bu işə laqeyd yanaşdıqlarını gördükdə torpaqlarımızı  lazım gələrsə hərbi yolla da geri alınacağı bəyanı edilirdi. Uzun illər ərzində Prezident tərəfindən torpaqlarımızın geri alınması, ölkənin ərazi bütövlüyünün təminatı istiqamətində çox orginal siyasət həyata keçirilib. Bu siyasətdə sivil dünya tələblərinə uyğun olaraq sülh yolu ilə bərabər müasir və qüdrətli hərbi durumun təmin edilməsi kimi iki faktor nəzərdə tutulub.

 

         Əlbəttə, bu məsələ üzrə tam açıqlama verilmədən, xalqımızı uğurlu gələcəyə inama çağırış edilirdi. Bu sahədə Prezidentimiz tərəfindən 27 il ərzində çox dəqiq düşünülmüş iqtisadi, siyasi və beynəlxalq faktorları nəzərə almaqla gərgin və nəticəsi ilə bütün dünyanı heyrətləndirən siyasət yeridilib. Bu siyasətin ilk nəticəsini 2016-ci il aprel hadisələrində müşahidə edə bildik. Sonrakı təxribatlara layiqli cavabını verərək, ən parlaq şəkildə isə 2020-ci il 27 sentyabrdan başlanan Vətən müharibəsində gördük. Azərbaycan xalqı və bütün dünya uzun illər aparılmış şanlı siyasi xəttin nəticəsinin böyük heyrətlə şahidi oldu. Bütün dünya, hətta bizi istəməyənlər də Azərbaycan Respublikası Prezidentinin Azərbaycanın ən şanlı tarixini yazmasının şahidi oldu. Ali Baş Komandan tərəfindən dünya hərb tarixində inqilabi yeniliklər edilmiş, unikal hərbi strategiya və taktika reallaşdırılmışdı.

         Bu qələbə ilə Ali Baş Komandan Azərbaycan xalqına xarici təsirlərin nəticəsində itirilmiş tarixi kökündən gələn qürur və məğlubedilməzliyi qaytardı. Azərbaycana qarşı aparıla bilən bütün separatçılığa son qoyuldu, müqəddəs sərhədlərimizin toxunulmazlığı təmin edildi. Bu qələbə bir daha dünyada şanlı tarixə malik türk birliyinin məğlubedilməzliyini bərqərar etdi.

         Qazanılmış qələbə və aparılmış hərbi əməliyyatlar həmçinin dünyaya göstərdi ki, Azərbaycan bu gün dünyada güclü hərbi qüdrətə malik dövlətlər sırasındadır.

         Bu gün xalqımız böyük qələbə əhval-ruhiyyəsi ilə bayram edir və xoşbəxtdir. Belə gündə hamı son 100 ildə ölkəmizin keçdiyi tarixi analiz edir, bütün olmuşların səbəblərini axtarır və bu günümüzün əzəlinin qoyulmasının tarixini müəyyənləşdirməyə cəhd edir.

        Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyev əlahəzrətləri qələbə günü Ulu Öndərimizin qəbrini ziyarət edərək bütün xalqımızın göz yaşları ilə müşahidə etdiyi tarixi oğul, davamçı missiyasını ifadə edən “Ata sənin nəsihətini yerinə yetirdim” sözlərini söylədi. Bu nəslinə, kökünə sadiq bir oğulun, Azərbaycan tarixində ən şanlı səhifə yazan böyük siyasətçi, hərbi sərkərdənin Azərbaycan dövlətçiliyinin yaradıcısı, bütün Azərbaycan xalqının və türk dünyasının əbədi xatirəsində yaşayan atası, Ulu Öndərimiz qarşısında tarixi hesabatı idi.

Ulu Öndərimiz, ruhunuz şad olsun! Siz Azərbaycan xalqı, dövlətçiliyimiz üçün etdiklərinizlə bərabər, özünüz kimi inandığınız oğlunuz, davamçınız, bu gün dünyanın ən yüksək səviyyəli siyasətçisi, dövlət başçısı, hərbi sərkərdə İ.Əliyev cənabları kimi yadigarınıza görə də əbədilik qazanırsınız. Bəli, tariximizə nəzər yetirsək müdrik Prezidentimiz Azərbaycanda yaşayan bütün millətləri, o cümlədən türk dünyasının birliyini təmin edən və ən şanlı tarixi qələbəyə imza atan, birinci yerdə duran rəhbər və sərkərdədir. Müdrik Prezidentimiz, Müzəffər Ali Baş Komandan indi regionda yeni reallıq yaradıb və bununla da özü üçün əbədilik qazanıb. Bəli, möhtərəm Prezidentimiz daimi Azərbaycanın Prezidenti seçilmiş statusuna, ən yüksək hərbi rütbəyə və “Dünya Azərbaycanlılarının Milli Qəhrəmanı” adına layiqdir.

Şanlı qələbəmizin yaratdığı bayram əhval-ruhiyyəli günlərimizdə hamımız Azərbaycan dövlətinin yaradıcısı, qurucusu, müzəffər qəhrəman prezidentimizi bizə bəxş edən dünya azərbaycanlılarının Ulu Öndərini minnətdarlıq hissi ilə yad edirik. Bugünkü müdriklik, qəhrəmanlığın kökünün Ulu Öndərdən gəldiyini və daha şanlı şəkildə biruzə edildiyinin şahidiyik.

H.Əliyevin keçdiyi ömür yoluna baxsaq yolun müdriklik, qorxmazlıq, igidlik və qəhrəmanlıq yolu olduğunu görərik.

Hələ xüsusi orqanlarda fəaliyyəti zamanı, bu vəzifədə  olan ilk azərbaycanlı kimi böyük risklərlə üzləşərək milli mənafeyimizin müdafiəçisi olub. Birinci hakimiyyəti dövründə Respublikamızın inkişafı, xalqın rifah halı, gələcəyə hazırlıq, korrupsiya və digər neqativ halların aradan qaldırılması üçün əlindən gələn etmiş, böyük  risklərə gedərək müdrikcəsinə xalqımızın mənafeyi naminə öz mövqeyini müdafiə etmişdi. Məhz onun sayəsində sovet rejimi çərçivəsində Azərbaycan torpaqlarına olan həmlələrin qarşısı dəfələrlə alınıb, Qarabağın Azərbaycanın bir hissəsi kimi statusu daha da möhkəmləndirilib. O, Moskvada işlədiyi dövrdə Respublikamızda Atom Elektrik Stansiyası da daxil olmaqla bir neçə genişmiqyaslı layihələrin həyata keçirilməsini təşkil edib. Sovetlər birliyinin o dövrki rəhbərliyində H.Əliyev yüksək səviyyəli siyasətçiliyi, təşkilatçılığı, biliyi, tələbkarlığı, prinsipiallığı ilə açıq şəkildə seçilirdi. Mənim yadımda idi V.İ.Leninin yubileyində Ulu Öndər Kremldə məsələ üzrə əsas məruzəçi idi. Səhəri gün İ.V.Kurçatov adına “Atom Enerjisi” İnstitutunda iş yerində hamı məni təbrik edərək, belə bir dolğun, dərin mənalı çıxışı o dövrə kimi eşitmədiklərini söylədilər. Söhbətlər əsnasında o da qeyd olunur ki, Baş katibliyə həqiqi namizəd H.Əliyev ola bilərdi. Lakin müəyyən məhdudiyyətlər üzündən bu olmadı və nəticədə də Sovetlər birliyi də dağıldı. Bu məsələ həmişə gizli danışılsa da, bu yaxınlarda “Rossiya-1” telekanalında aparılan müzakirə zamanı milliyyətcə rus və erməni olan natiqlər açıq şəkildə etiraf etdilər ki, əgər H.Əliyev Baş katib olsa idi SSRİ dağılmazdı.

Yanvar faciəsi zamanı isə böyük cəsarət göstərərək sovet rəhbərliyini törətdiyi cinayətə görə Moskvanın mərkəzində ittiham edib. Onun rəhbərliyi altında Naxçıvanda ilk dəfə Azərbaycan Respublikasının dövlət rəmzi olan üçrəngli bayrağa status verildi. Sonralar onun tərəfindən bu bütöv Azərbaycan üçün həyata keçirildi. O, doxsanıncı illərin əvvəllərində Azərbaycanda hakimiyyət davası, vətəndaş müharibəsi və bunların zəmnində torpaqlarımızın işğalı dövründə böyük cəsarətlə xalqımızı, dövlətçiliyimizi bərqərar etmək üçün Bakıya gəlmiş, Gəncə qiyamını yatırmaq və vəziyyəti normallaşdırmaq üçün gərgin zonalara qorxmadan tək getmişdi. Həmin illərdə o, çoxlu sayda hakimiyyət hərisi qruplarla mübarizə apararaq böyük müdrikliklə ölkəni normal inkişaf rejiminə salmışdı. Dağılmış iqtisadiyyatı, hərbi sistemi bərpa edilməsi və inkişafı üzrə o, böyük çətinliklər qət edərək ölkəni sürətli inkişaf xəttinə çıxarıb. Belə bir müdrik, uzaqgörən, cəsarətli dövlət rəhbəri Respublikamızın özündən sonrakı dövrü üçün də öz yerinə layiqli, özü kimi inandığı sələf hazırlamamış olmazdı. Siyasətçilik, dövlətçilik və idarəetmə faktorlarını kökündən götürən İ.Əliyev cənabları təhsil aldığı dövrdə müasir elmi biliklərə yiyələnib. Odur ki, bu gün Ulu Öndərimizin ruhu çox şaddır, onun yadigarı hətta bizi istəməyənlərin də qəbul etdiyi Cənubi Qafqazın lideri statusunu qazanıb və artıq beynəlxalq sistemdə öz dəsti xətti olan, sözükeçən liderdir. Ulu Öndərimiz doxsanıncı illərdə tez-tez işğal olunmuş rayon nümayəndələri ilə görüşlər keçirirdi və bu görüşdən olan kadrlara baxdıqda onun nə qədər təmkinli və inamla rayonların və ümumi Qarabağın tezliklə azad olunacağı və onların da öz doğma ellərinə qayıdacağını söylədiyini görürük. Ulu Öndər, ruhun şad olsun, qəbrin nurla dolsun! Sizin sonralar nəsihətə çevrilən bu arzunuzu da oğlunuz, sizin işləri uğurla davam etdirən Müdrik Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları reallaşdırdı. İndi bütün işğal olunmuş rayonlar azaddır,  Qarabağ Azərbaycandır!

 

Adil Qəribov

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində

“Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədri                                

 "RESPUBLIKA" qəzeti     

http://www.respublica-news.az/