Tədbirdə AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev, vitse-prezident, akademik Rasim Əliquliyev, bölmənin Ümumi yığıncağının üzvləri, elmi müəssisələrin rəhbərləri, direktor müavinləri, elmi katibləri, həmçinin əldə olunmuş mühüm elmi nəticlərin müəllifləri, İctimaiyyətlə əlaqələr, Təhsil və Beynəlxalq əlaqələr şöbələrinin rəhbərləri, eləcə də gənc alim və mütəxəssislər şuralarının sədrləri, həmkarlar təşkilatlarının nümayəndələri və MNTM QSC-nin şübə müdirləri iştirak ediblər. 

“Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin elmi-tədqiqat və kadr hazırlığı istiqamətlərində fəaliyyəti üzrə 2020-ci ilin yekunlarına dair hesabatı mərkəzin sədri, akademik Adil Qəribov tərəfindən FRTEB ümumi yığıncağında təqdimatı olub.

 

Mərkəzin sədri, AMEA-nın akademik-katibi, akademik Adil Qəribov hesabatı təqdim edərək bildirib ki, müəssisəyə məxsus imkanlar, ikitərəfli müqavilə və memorandumlar əsasında, beynəlxalq kollaborasiyaların imkanları daxilində elmi tədqiqatların aparılması, “MNTM” QSC-nin doktoranturası, beynəlxalq kollaborasiyalar və ikitərəfli əlaqələr üzrə kadr hazırlığı, infrastrukturun formalaşdırılması qurumun əsas fəaliyyət istiqamətləridir.

“MNTM” QSC-yə məxsus imkanlar daxilində “Mürəkkəb nüvə çevrilmələri proseslərinin tədqiqi”, “Nano-materiallarda neytronların təsiri altında baş verən nüvə qarşılıqlı təsir proseslərinin onların fiziki xassələrinə təsiri”, “Nüvə və radioaktiv materialların analizi, identifikasiyası”, “CERN-in ALICE təcrübələrində qurğuşun nüvələrinin toqquşması zamanı proton-antiproton paylanma qanunauyğunluqlarının tədqiqi”, “Kollaborasiya proqramı çərçivəsində alınmış mikropikselli silisium əsasında müxtəlif cihazların hazırlanması” və digər mövzularda elmi araşdırmalar aparılıb”, – deyə sədr bildirib.

Akademik A.Qəribov hesabat ili ərzində yüksək enerjili hissəciklər fizikası, nüvə fizikası, nüvə spektroskopiyası və radiokimya, radiasiya materialşünaslığı və radiasion nanotexnologiya, innovasiya və cihazqayırma, eləcə də tədqiqat nüvə reaktoru kompleksi üzrə əldə olunmuş mühüm elmi nəticələri diqqətə çatdırıb.

Yüksək enerjili hissəciklər fizikası üzrə mühüm nəticələr : Müxtəlif enerjili Au-Au toqquşmalarında yaranmış proton və anti-protonların sayının orta qiymətləri, onların paylanmalarının standart kənaraçıxmaları, eləcə də yüksək tərtibli momentləri hesablanmış və uyğun təcrübi ölçmələrin izahı verilmişdir.  Müxtəlif enerjili Be-Be toqquşmalarında mənfi yüklü pionların spektri alınmışdır. Bu ölçmələrin digər ağır nüvələrin toqquşması zamanı yaranmış spektrləri ilə müqayisəli təhlili yerinə yetirilmişdir.

Nüvə fizikası üzrə mühüüm nəticələr: İsti neytronlar üçün hazırlanmış polyarizator və analizator qurğuları vasitəsilə 0,27eV enerjili istilik neytronlarla 235U nüvəsinin bölünməsi zamanı qamma və neytronların buraxılması ilə müşahidə olunan ROT effektinin anizatropiya parametrləri aşkar edilmişdir.

Nüvə spektroskopiyası və Radiokimya üzrə mühüm nəticələr: Sintez olunmuş karboksil və fosfan qruplu xelatəmələgətiricisi polimer sorbentlər vasitəsilə protactinium (Pa-234m), uran (U-238,  U-235 və U-234) və torium (Th-234) izotoplarının ayrılmasının optimal şəraiti aşkar olunub.

Radiasiya materialşünaslığı və radiasion nanotexnologiya üzrə mühüm nəticələr : Epitermal neytronların təsiri altında Bor-nitrid (BN) nanohissəciklərində baş verən nüvə və radiasion proseslər nəticəsində alınan 12C izotopunun azot atomları ilə güclü qarşılıqlı təsir nəticəsində (TBC) üçqat bor mərkəzi və 11B izotopundan yaranan bir bor mərkəzi (OBC) kimi paramaqnit defektlər yaranması aşkar olunub.     Neytronların təsiri altında nano-silisiumda nəzəri olaraq təyin olunmuş ionlaşma prosesləri nəticəsində yaranan yükdaşıyıcılarının yalnız 10-6 olması elektroaktiv olması müəyyən olunub.

İnnovasiya və Cihazqayırma üzrə mühüm nəticələr: Yeni fotodiod nümunələrinin epitaksial layının qalınlığını 4 mikrondan 2 mikrona azaltmaqla və piksellərin aşqarlanma dozasını artırmaqla fotodiodun işləmə gərginliyi 90V-dan 70V-a qədər aşağı salınmış, həmçinin yeni texnoloji üsulları tətbiq etməklə qaranlıq cərəyanı 1000nA-dən 100nA-ə qədər azaltmaq mümkün olmuşdur.

 

       Akademik Adil Qəribov hesabat ilində mərkəzin əməkdaşları tərəfindən respublika daxilində 12 dövlət və özəl

    qurumla ikitərəfli müqavilələr əsasında analitik xidmətlərin həyata  keçirildiyini qeyd edib.

Sədr, cari ildə mərkəzin əməkdaşları tərəfindən 148 məqalə çap olunmasını bildirdi. Yüksək impakt faktorlu xarici jurnallarda nəşr olunmuş məqalələrin 112-si Web of Science, 36-sı isə SCOPUS beynəlxalq elmi bazasına daxil edilib. 2020-ci ilin 10 dekabr tarixinə olan göstəricilərə əsasən, bu məqalələrə 1128 istinad qeydə alınıb.

illik hesabatı dinlənildikdən sonra akademik Rasim Əliquliyev, akademik Vəli Hüseynov tərəfindən AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsində  ilk dəfə olaraq MNTM QSC-nin hesabatı dinlənildiyini bildirərək, hesabat haqqında fikrinin çox yüksək olduğunu bildirdilər. Daha sonra hesabat üzrə suallar verilərək, sədr Adil Qəribov və mühüm nəticələr üzrə icraçılar tərəfindən cavablandırıldı.

Akademik Nazim Məmmədov MNTM illik hesabatına müsbət fikir bildirərək,  gələcəkdə yeni fotodiod nümunələrinin alınması və tətbiqi üzrə birgə seminarların təşkil olunmasını təklif etmişdir.

Akademik Vəli Hüseynov, Akademik Ali Abbasov, AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov və Fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov, AMEA-nın müxbir üzvü Fizika-riyaziyyat elmləri doktoru Oqtay Səmədov, Rəşid Ələkbərov və başqaları hesabata müsbət fikir bildirərək hesabatda qeyd olunan mühüm nəticələr haqqında fikrinin yüksək olduğunu və nüvə sahəsində aparılan tədqiqatlar işlərin təqdirəlayiq olduğunu və ümumilikdə MNTM QSC-nin 2020-ci il üzrə hesabatı müsbət hesab etmək olunmaqla qənayətbəxş hesab olunmasını bildiridilər.