Dinc məqsədli nüvə elmləri, enerjisi və texnologiyaları!

Nüvə yanacaqları, materialları və energetikası şöbəsi

Ölkə Prezidenti məlum sərəncamı ilə "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-in qarşısında nüvə elmləri, nüvə texnologiyalarının və nüvə energetikasının inkişafı ilə bərabər, Respublikamızın ərazisində nüvə xammal materiallarının (uran, torium) təbii ehtiyatlarının qiymətləndirilməsini və gələcəkdə lazım gələrsə, istehsal texnologiyalarının yaradılması vəzifəsini qoymuşdur.

Nüvə yanacaqları, materialları və energetikası şöbəsi - Respublikamız ərazisində nüvə xammal materiallarının (uran, torium) təbii ehtiyatlarının qiymətləndirilməsini, süxurlardan nüvə materiallarının əlverişli üsullarla ayrılmasını, eləcə də ənənəvi və yeni nəsil nüvə yanacağı materiallarının hazırlanması texnologiyası istiqamətində elmi tədqiqat işlərinin aparılmasını qarşısına məqsəd kimi qoymuşdur. Bu məqsədlə, Respublikamız üçün uran və torium yataqlarının axtarışı, kimyəvi-mineraloji tərkibinin təyini, təbii ehtiyatlarının qiymətləndirilməsi üçün ekspedisiyalar təşkil olunur və strateji əhəmiyyət kəsb edən ərazilərin xəritələşdirilməsi aparılır.

Hazırda, şöbə nüvə və radioaktiv materialların identifikasiyasını və izotop təkibini təyin etməyə imkan verən beynəlxalq təcrübədə geniş istifadə olunan müasir proqram təminatlı cihaz və avadanlıqlara, habelə, gənc kadr potensialı ilə təchiz olunmuş labotaroriyalara malikdir.

Bu avadanlıqlar təbii və müxtəlif ionlaşdırıcı şüalarla (neytron, proton, ağır ionlar) şüalanmış materiallarda təbii və süni izotopların vəsfi və miqdari analizini həyata keçirməyə imkan verməklə yanaşı, qida və kənd təsərüfatı məhsulları, içməli su, dərman və tibbi ləvazimatların, eləcə də müxtəlif tikinti və sənaye məhsullarının radiasiya təhlükəsizliyinin müəyyən edilməsində də istifadə olunur.

Nüvə yanacaqları, materialları və energetikası şöbəsi - ölkə ərazisində qeyri leqal yollarla daşınmalar zamanı gömrük, sərhəd xidməti və digər xüsusi xidmət orqanları tərəfindən aşkarlanmış nüvə və radioaktiv materialların identifikasiyasını və izotop tərkibinin ekspertizasını həyata keçirməyə qadirdir.

Nüvə yanacaqları, materialları və energetikası şöbəsinin fəaliyyət istiqamətlərinə Azərbaycan Respublikasının ərazisi üzrə radiasiya fonunun öyrənilməsində, eləcə də torpaq, su və havada radionuklid paylanmasının tədqiqində aidiyyəti dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müraciətləri əsasında materialların, digər məmulatların radioloji laboratoriya sınaqlarını həyata keçirmək işləri daxildir.

NEX QC ENERGY DISPERSIVE XRF SPECTROMETER PERKIN ELMER CLARUS SQ8 MS TG/ FT-IR/MASS SPEKTROMETRE HITACHI HIGH TECH STA7300 PERKIN ELMER SPECTRUM TWO FT-IR

Şöbədə, strateji əhəmiyyət kəsb edən ərazilərdə süxurlardan nüvə xammal materiallarının ekoloji və iqtisadi səmərəli ayrılma üsullarının işlənilməsi və dinc məqsədlərə uyğun texnologiyanın yaradılması istiqamətində elmi tədqiqat işləri aparılır.

Gələcək fəaliyyətində şöbə qarşısına dinc məqsədlərlə nüvə materiallarını ayırıb saflaşdırma, zənginləşdirmə texnologiyalarının, nüvə yanacağı dövriyyəsinin, istehsal texnologiyalarının və tətbiq sahələrinin yaradılması məqsəd kimi qoyulmuşdur. Habelə, uran və torium əsasında yeni nüvə yanacaqlarının sintezi və onların nüvə reaktorlarında yanacaq kimi istifadə olunması istiqamətində elmi tədqiqat işləri aparılması planlaşdırılır.