Dinc məqsədli nüvə elmləri, enerjisi və texnologiyaları!

Radiasiya materialşünaslığlı və radiasyon nanotexnalogiya şöbəsi

"Radiasiya materialşünaslığı və radiasion nanotexnologiya şöbəsi"nin elmi istiqaməti ionlaşdırıcı şüaların maddələr, elektron cihazlar, nüvə materialları ilə qarşılıqlı təsirinin öyrənilməsi və radiasiya texnologiyaların bu tip sistemlər üçün işlənilməsi, onların praktik olaraq elm və texnikanın müxtəlif sahələrində tətbiqini araşdırmaqdan ibarətdir.

Son zamanlar texnologiyada baş verən sıçrayışlı dəyişiliklər ənənəvi mikroelektronika ilə müqayisədə, yüksək effektiv xassələrə malik nanoelektronikaya keçid zərurəti yaratmışdır. Bu məqsədlə ionlaşdırıcı şüaların nanoelektronikanın əsasını təşkil edən nanohissəciklərin elektrofiziki xassələrinə təsirinin öyrənilməsi əsas elmi istiqamətlərdən biridir. Məqsəd seçilmiş nanohissəciklərinin nüvə və kosmik texnologiyalarda tətbiqi zamanı istifadə olunan nanoelektronik sistemlərinin istismar müddətinin uzadılmasıdır. Nüvə və kosmik texnologiyalarda istifadə olunan elektron cihazların ionlaşdırıcı şüalanmaya məruz qalması nəticəsində elektron sistemin həssaslıq dərəcəsi istismar müddətindən asılı olaraq azalır. İonlaşdırıcı şüalanmanın nano sistemlərin elektrofiziki xassələrdə yaratdığı məlum dəyişikliyin elektron cihazların proqram təminatında nəzərə alınması məqsədə uyğundur.

Neytron selinin nano silisium və onun birləşmələri ilə qarşılıqlı təsiri zamanı yaranan effektlər müasir tədqiqat metodları ilə öyrənilir. İlkin mərhələdə, Milli Nüvə Tədqiqatları Mərləzində Tədqiqat Nüvə Reaktoru olmadığından, praktiki təcrübələr nüvə ölkələrinin Tədqiqat Nüvə Reaktorlarında qarşılıqlı əlaqələr üzrə müqavilələr əsasında aparılır. Neytron selinin qarşılıqlı təsiri üzrə alınmış elmi nəticələrin əsasında gələcəkdə elektron qurğularda tətbiq paketinin hazırlanması təklif olunur. Yeni tip nüvə materiallarının alınması məqsədilə uranın oksidli birləşmələrinin nano hallarda qarşılıqlı təsiri tədqiq olunur. Nano sistemlərin səthi aktivliyi sayəsində aşağı tempraturlarda uran tərkibli birləşmələrin alınması imkanı araşdırılır. Bu birləşmələr gələcək IV nəsil nüvə reaktorlarında yanacaq materialları kimi böyük əhəmiyyət kəsb edir.

"Radiasiya materialşünaslığı və radiasion nanotexnologiya şöbəsi" tərəfindən aşağıdakı elmi-tədqiqat və praktiki işlərin görülməsi planlaşdırılır:

1. Yuxarı temperaturlara davamlı nüvə texnologiyalarında geniş tətbiq sahəsinə və yüksək təmizliyə malik nano metalların, oksidlərin, karbidlərin, nitridlərin alınması;

2. Nüvə texnologiyalarında geniş tətbiq olunan materialların üzərində radiasiya effektlərinin öyrənilməsi, bu effektlərə əsasən, onların elm və texnikanın müxtəlif sahələrində tətbiqlərinin həyata keçirilməsi;

3. Azərbaycan Respublikasında materialşünaslıq sahəsində nüvə və radiasiya texnologiyalarının yaradılması və bu sahədə aparılacaq iş və xidmətlərə elmi-metodiki dəstəyin verilməsi;

4. Nüvə elmləri, radiasiya materialşünaslığı və radiasion nanotexnologiyaları istiqamətlərində kadrların hazırlanması və ixtisaslarının artırılması, doktorantura üzrə elmi kadr hazırlığının həyata keçirilməsi;

5. Alınmış nəticələrin elmi əsaslandırılması və reytinqli jurnallarda dərc edilməsi.