Azərbaycanda nüvə elmləri keçmiş SSRİ-nin elmi və elmi-texniki proqramları çərçivəsində keçən əsrin 50-60-cı illərindən etibarən inkişaf etməyə başlamışdı. Nüvə və radiasiya fizikası, radiasiya kimyası, radiasiya materialşünaslığı sahəsində çoxlu sayda yüksəkixtisaslı mütəxəssislər hazırlanıb. Tarixən bu elmi istiqamətlər Azərbaycanda AMEA-nın Fizika, Radiasiya Problemləri İnstitutları, Bakı Dövlət Universitetində inkişaf etdrilimişdi.

Vahid dövlət proqramının və infrastrukturunun olmaması, pərakəndəlik səbəbindən, bu elmi və texnoloji istiqamətlər müasir dövrün tələbləri səviyyəsinə yüksələ bilməmişdi. Son illərdə durmadan tərənnüm edən iqtisadi,siyasi qüdrəti və beynəlxalq nüfuzu Azərbaycanda dünyanın ən mütərəqqi elmi və texnoloji yeniliklərin inkişafına əsas verirdi. Nüvə elmləri və texnologiyaları müasir dövrün ən aktual və strateji, elmi -texniki sahələrindən birinə çevrilib. Azərbaycan Prezidenti İ. Əliyevin nüvə elmləri və texnologiyaları , onların kadr potensialının inkişafı məqsədi ilə imzaladığı 8 may 2014-cü il tarixli ,442 saylı sərəncamı ilə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində " Milli Nüvə Tədqiqatları" Qapalı Səhmdar Cəmiyyəti yaranıb. Bu tarixi sərəncam ilə Azərbaycanda nüvə elmləri, nüvə və radiasiya texnologiyalar inkişafının yeni mərhələsinin əsası qoyuldu.

Milli Nüvə Tədqiqatları Mərkəzi QSC Azərbaycan Respublikasında nüvə elmləri və nüvə texnologiyaları sahəsində icraçı dövlət qurumu kimi yaranıb, onun bütün səhmləri dövlətə məxsusdur. "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin fəaliyyət istiqamətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 dekabr 2014-cü il tarixli 382 saylı Qərarı ilə təsdiq olunmuş Nizamnamədə göstərilib. Hazırda Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-də 1 akademik, 3 elmlər doktoru, 17 elmlər namizədi və fəlsəfə doktorları çalışır. Mərkəzin 75 nəfər işçisi var.